Gəncədə tələbə adını qazanmış şəxslərin qeydiyyatı başlayıb. Bu haqda 6 sentyabr tarixində GDU-ya istinadən məlumat veririk.
Gəncə Dövlət Universitetində 2023/2024-cü tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olan abituriyentlərin qeydiyyatına start verilib. Tələbə adını qazanmış abituriyentlər portal.edu.az saytında qeydiyyatdan keçməli və lazım olan sənədləri portala yükləməlidirlər. Burada qeydiyyatdan keçməyən şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və qəbul əmri verilməyəcək.
Prosesdə çətinlik çəkən abituriyentlərə kömək məqsədilə GDU-nun Tələbə Evində xüsusi işçi qrupu yaradılıb. Universitetin rektoru Yusif Yusibov burada tələbə adını qazanmış abituriyentlərin onlayn qeydiyyat prosesinin gedişatı ilə yaxından maraqlanıb.
Qeyd edək ki, 2023/2024-cü tədris ilində universitet üzrə bakalavriat səviyyəsinə I turda 1755 nəfər qəbul olub, bu da təhsil müəssisəsi üzrə qəbul planının 94,4 faizini təşkil edir.