Gəncədəki universitetlərin birində kollektivə ağır itki üz verib. Bu haqda 14 sentyabr tarixində GDU-ya istinadən xəbər veririk.
Söhbət Gəncə Dövlət Universitetinin elmi katibi Teymur İsmayılovdan gedir. Universitetin inkişafında əvəzsiz xidmətləri olmuş İsmayılov dünyasını dəyişib. O, 2005-ci ildən GDU-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 2009-cu ildən isə universitetin elmi katibi olub.
Teymur İsmayıl oğlu İsmayılov 10 yanvar 1954-cü ildə Gürcüstan Respublikası Bolnisi rayonunun Senebi kəndində anadan olub. 1980-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinatla İmişli rayonunun Qaralar orta məktəbində kimya müəllimi kimi fəaliyyətə başlayıb.
Dissertasiya işləri ilə əlaqədar Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun təcrübə sahəsində elmi iş aparıb. Həmin ərazilərdə müxtəlif dərinliklərdə torpaq nümunələri götürüb azot, fosfor, kalium elementlərini təyin edib. Ali Attestasiya Komissiyasının qərarı ilə ona 1991-ci ildə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi, 2009-cu ildə dosent elmi adı verilib.
Teymur İsmayılov 1988-2005-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU) Kimya kafedrasında laborant, assistent, müəllim kimi işləyib.