Xan bağının yanındakı səki də çayxanaların ixtiyarına keçib.
Gencexeber.az-a daxil olan çoxsaylı şikayətlərə əsasən, Qafqazın ən qədim parklarından biri olan Xan bağının yanında yerləşən piyada səkisində çayxana sahibləri stol-stul düzərək vətəndaşların sərbəst hərəkətinə mane olurlar.
Sakinlərin sözlərinə görə, məsələ yalnız piyadaların hərəkətinin məhdudlaşdırılması ilə bitmir. Onlar bildirirlər ki, xüsusilə qadınlar kişilərin sıx şəkildə toplaşdığı və domino, nərd oynadığı məkanların arasından keçdikdə özlərini narahat hiss edirlər.
"Əksər xanımlarımız kişilərin toplaşdığı yerlərdən keçməyi özlərinə ar bilirlər. Bəzi şəxslər pul qazanmaq xətrinə vətəndaşların hərəkətinə mane ola bilməzlər. Ələlxüsus da bu cür tarixi yerdə.
Nərd, domino oynanılır, səs-küy gəlir, qışqırıq və söyüşlər eşidilir. Biz məcbur deyilik ki, səki ilə hərəkət edərkən belə xoşagəlməz anlar yaşayaq", - vətəndaş bildirib.
Onlar əlavə ediblər ki, şəhərin tarixi və ictimai əhəmiyyət daşıyan ərazilərində piyadalar üçün nəzərdə tutulan səkilərin kommersiya məqsədilə zəbt edilməsi yolverilməzdir.