Gəncənin müxtəlif ərazilərində yaşanan kommunal problemlərə aidiyyəti qurumlar tərəfindən operativ reaksiya verilməyib.
Gencexeber.az-a daxil olan şikayətə əsasən, Gəncənin 1-ci mikrorayonunda yerləşən 10-cu binanın sakinləri illərdir zirzəminin su altında qalmasından əziyyət çəkirlər. Onların sözlərinə görə, aidiyyəti qurumun əməkdaşları tərəfindən çətinlik müvəqqəti olaraq həll olunur. Su bir neçə saatlıq çəkilsə də, qısa müddət sonra yenidən əvvəlki mənzərə yaranır. Nəticədə rütubət səbəbindən evlərə həşəratlar dolur, blokun vəziyyəti isə getdikcə pisləşir.
Bundan əlavə, Əlövsət Məmmədov küçəsində yerin altında partlayan su borusu bütün küçəni palçığa qərq edib. Asfalt örtüyü olmayan küçə bataqlığa çevrilib, piyadaların və avtomobillərin hərəkəti çətinləşib.
Sakinlər bildirirlər ki, dəfələrlə müraciət edilsə də, problemin köklü həlli istiqamətində addımlar atılmır. Onlar aidiyyəti qurumlardan təcili tədbirlər görülməsini tələb edirlər.