Gəncədə iki universitetin tələbələri ilə görüş baş tutub. Bu haqda 22 sentyabr tarixində GDU-ya istinadən xəbər veririk.
Gəncə Dövlət Universiteti və Türkiyə Respublikasının Dokuz Eylül Universiteti arasındakı ikili diplom proqramı çərçivəsində 2023-2024-cü tədris ilində Biologiya ixtisasına qəbul olmuş tələbələr və onların valideynləri ilə görüş keçirilib. Burada GDU-nun rektoru Yusif Yusibov bildirib ki, tələbələr beynəlxalq akkreditasiyadan keçmiş ixtisaslar üzrə ilk iki tədris ilini Dokuz Eylül Universitesində, növbəti iki ili isə GDU-da təhsil alacaqlar.
Tədbirdə universitetin İnnovasiyalar departamentinin rəhbəri Vasif Həsənov və Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev proqramın təhsil sahəsində yaratdığı imkanlardan danışıblar.
Qeyd edək ki, sözügedən tələbələr 2 oktyabr tarixindən qardaş ölkədə təhsil almağa başlayacaqlar.