Yay aylarında günəşli və isti havanın təsiri ilə saçların daha sürətlə uzandığı barədə fikirlər geniş yayılıb.
Bəs bu iddia elmi cəhətdən doğrudurmu? İnsan saçları orta hesabla ildə təxminən 12-13 santimetr uzanır. Lakin bu proses fasiləsiz baş vermir.
Alimlər qeyd edir ki, yayda saçların daha tez uzanması fikir kifayət qədər məşhurdur və müəyyən qədər bioloji əsaslandırması ola bilər. Çünki günəş işığı, temperatur, qan dövranı və mövsümi hormonal dəyişikliklər insan orqanizmində müxtəlif fizioloji proseslərə təsir göstərir.
Günəş işığının təsiri ilə orqanizmdə D vitamininin sintezinin artması da tez-tez saçların daha sürətlə uzanmasının səbəbi kimi göstərilir. Alimlərin sözlərinə görə, əgər insanda D vitamini çatışmazlığı varsa, bu çatışmazlığın aradan qaldırılması ümumi sağlamlığa müsbət təsir göstərə və saç tökülməsinin müalicə planının bir hissəsi ola bilər. Ancaq D vitamini səviyyəsi normal olan insanlarda əlavə D vitamini qəbulunun saçların daha sürətli uzanmasına səbəb olduğunu göstərən ciddi elmi sübut yoxdur.
Mütəxəssislər bildirirlər ki, günəşin və yay mövsümünün saçların böyüməsini nəzərəçarpacaq dərəcədə sürətləndirdiyi hələlik elmi şəkildə təsdiqlənməyib. Bu mövzuda aparılan araşdırmaların sayı azdır və əldə olunan nəticələr də iddianı qəti şəkildə təsdiqləmir. Araşdırmalardan birində hətta saqqal tüklərinin yay aylarında təxminən 60 faiz daha sürətli uzandığı qeyd olunsa da, bu fərq ay ərzində cəmi 0,7 santimetr əlavə uzanma deməkdir. Mütəxəssislərin fikrincə, bu qədər kiçik fərqi gündəlik həyatda hiss etmək mümkün deyil.