Gəncə Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Uğur Yusifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Goranboy rayonunun Dəliməmmədli şəhərində yerləşən marketlərin birinə gecə saatlarında maska və iki bıçaqla daxil olaraq kassadakı pulun bir hissəsini götürən Uğur Yusifovun cinayət işi üzrə məhkəmə araşdırmasının təfərrüatları məlum olub.
İttihama görə, o, marketin açıq olan giriş qapısından ticarət zalına daxil olaraq birbaşa kassa aparatına yaxınlaşıb. Kassadakı pul vəsaitini götürmək istədiyi zaman onun hərəkətlərinin qarşısını almağa çalışan satıcı ilə üz-üzə gəlib.
İttiham aktına əsasən, vitrinin qarşısında dayanan satıcını zərərsizləşdirmək məqsədilə Uğur Yusifov əlindəki bıçağı 1-2 metr məsafədən ona tərəf yönəldib. Satıcıya yaxınlaşmamasını, əks halda onu öldürəcəyini və sağlamlığına xəsarət yetirəcəyini bildirib.
O, kassa çəkməcəsindən 410 manat götürərək hadisə yerindən qaçıb.
Məhkəmə istintaqı zamanı Uğur Yusifov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində hadisə günü içkili olduğunu və baş verənləri dəqiq xatırlamadığını deyib.
Sonuncu keçirilən məhkəmənin hökmü ilə o, 4 il müddətə azadlıqdan məhrum edilib.
Mənbə: pravda.аz