Gəncə Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Səriyyə Babayeva və oğulları Saqif və Malik Babayevlərin (adları, soyadları şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
İttihama görə, üç nəfər qabaqcadan əlbir olaraq 2008-ci il təvəllüdlü, zərərçəkmiş Fəridə İsrafilovanı (adı, soyadı şərtidir) yetkinlik yaşına çatmadığını bilə-bilə, evlənmək məqsədilə oğurlamaq barədə razılığa gəliblər.
Belə ki, Saqif Babayev idarə etdiyi avtomobillə Gədəbəy şəhərinə gəlib və yol kənarında maşının sükanı arxasında gözləyib. Bu zaman anası Səriyyə Babayeva Yeni il hədiyyəsi vermək bəhanəsi ilə zərərçəkmişi aldadaraq yol kənarına gətirib. Hədiyyəni götürmək üçün yeniyetmə avtomobilin içərisinə əyildiyi zaman qadın onu arxadan itələyərək fiziki zor tətbiq edib və nəqliyyat vasitəsinin arxa oturacağına əyləşdirib.
Sonra isə yeniyetmə Saqifin Samux rayonunda yaşayan dayısının evinə aparılaraq orada saxlanılıb.
Beləliklə, istintaqın qənaətinə əsasən, Saqif Babayev, Malik Babayev və Səriyyə Babayeva qabaqcadan əlbir olan bir qrup şəxs halında, yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədilə oğurlanmasını həyata keçiriblər.
Hadisədən sonra hər üç şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Sonuncu keçirilən məhkəmənin hökmü ilə Saqif Babayev 2 il, Malik Babayev isə 1 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Səriyyə Babayevaya isə şərti cəza verilib.
Mənbə: pravda.аz