Gəncədə vaxtilə sosial məqsədlər üçün istifadə olunan ərazi indi zibillikdir.
Gencexeber.az məlumat verir ki, Gəncə şəhərində Qara Namazlı və Altay Eyyuboğlu küçələrinin kəsişməsində yerləşən ərazi baxımsız vəziyyətə düşərək zibillik sahəsinə çevrilib.
Uzun illər əvvəl burada valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi və qayğısı üçün nəzərdə tutulan müəssisə fəaliyyət göstərib. Ərazidə kiçik yaşayış tikililəri də olub. Sonradan onlar sökülüb və ərazi istifadəsiz qalıb. Səhiyyə Nazirliyinin balansında olan ərazinin əvvəlcə satışı planlaşdırılsa da, sakinlərin sözlərinə görə, bu niyyət reallaşmayıb. İllər keçdikcə baxımsız qalıb və ətrafda yaşayan vətəndaşlar tərəfindən məişət tullantıları ilə çirkləndirilib. Nəticədə vaxtilə sosial məqsədlərə xidmət edən müəssisənin ərazisi hazırda nəzərdə tutulmayan zibillik sahəsinə çevrilib.
Qeyd edək ki, sözügedən ərazidən təxminən 400 metr məsafədə, "Totanlı" adlanan dairənin yaxınlığında məişət tullantıları üçün konteynerlər mövcuddur. Buna baxmayaraq, bəzi sakinlər tullantıları konteynerlərə atmaq əvəzinə əraziyə atmağa üstünlük verirlər.
Yaranmış vəziyyət şəhərin ümumi görünüşünə xələl gətirməklə yanaşı, sanitariya baxımından da narahatlıq doğurur. Sakinlər ərazinin təmizlənməsini, burada antisanitar mühitin aradan qaldırılmasını və gələcəkdə yenidən zibillənməsinin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsini aidiyyəti qurumlardan xahiş edirlər.