Gəncə Fizioterapiya Reabilitasiya Mərkəzinin ləğv edilməyib.
Məsələ ilə bağlı Gencexeber.az-ın əlaqə saxladığı müəssisənin rəhbəri Kəmalə Cəfərova bildirib ki, Azərbaycan mediasında yayılan xəbərdə 28 May küçəsi, ev 25 ünvanında yerləşən Gəncə Reabilitasiya Mərkəzinin ləğv olunması barədə məlumat verilib. Lakin xəbərdə illüstrasiya məqsədilə internet axtarış resurslarında yer alan Gəncə Fizioterapiya Reabilitasiya Mərkəzinin fotosundan istifadə edilib.
Bu isə vətəndaşlarda fəaliyyəti davam edən tibb müəssisəsinin də bağlanması ilə bağlı yanlış təsəvvür yaradıb.
Kəmalə Cəfərovanın sözlərinə görə, Gəncə Fizioterapiya Reabilitasiya Mərkəzinin ləğv edilməsi ilə bağlı yayılan məlumat doğru deyil. Müəssisə əvvəlki qaydada fəaliyyətini davam etdirir və müraciət edən vətəndaşlara xidmət göstərir.
Qeyd edək ki, Gəncə Fizioterapiya Reabilitasiya Mərkəzi Üzeyir Hacıbəyov küçəsi, 294B ünvanında yerləşir.