Mingəçevirdə 26 yaşlı kişi həyat yoldaşını "TikTok" və "Instagram" sosial şəbəkələrində başqa kişilərlə yazışdığına görə öldürməyə cəhd edib.
Şəhər sakini, 2000-ci il təvəllüdlü Emin Kərimov bir gün evə qayıdarkən həyat yoldaşının "TikTok"da tanımadığı bir kişi ilə yazışdığını görüb. Qadın da bunu etiraf edib. Bildirib ki, subay olduğu vaxt bir oğlanla tanış olub, ailə qurduqdan sonra isə onunla münasibətini kəsib. Həyat yoldaşının sözlərinə inanan Emin onu boşamayıb.
Bir müddət sonra Emin həyat yoldaşının "Instagram" sosial şəbəkəsində də başqa kişi ilə ünsiyyətdə olduğunu görüb.
Həmin gün axşam evə gələn Emin yataq otağında həyat yoldaşı ilə bu barədə danışıb. Lakin qadın deyilənləri inkar edib. Buna əsəbiləşən Emin ona 16 bıçaq zərbəsi endirərək öldürməyə cəhd edib.
Məhkəmədə ifadə verən E.Kərimov həyat yoldaşını öldürmək niyyətinin olmadığını bildirib:
"Mənim onu öldürmək fikrim olsaydı, baş və boğaz nahiyəsindən zərbələr endirmək imkanım var idi. Ailəmin dağılmasını istəmirdim. Ona görə də birinci dəfə yazışmasını tutanda bağışladım. İkinci dəfə faktı etiraf etmədi, mən də qorxutmaq istədim".
Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, E.Kərimov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə: oxu.аz