Gəncədə təmizlik aksiyası keçirilib.
Gencexeber.az məlumat verir ki, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) əməkdaşları tərəfindən Gəncə Memorial Kompleksində mövcud olan oturacaqlar və piyada zolaqları təmizlənib, kiçik və orta tutumlu zibil qutuları boşaldılıb.
Bundan başqa kompleksin ərazisindəki ağac və gül kollarına aqrotexniki qulluq göstərilib, yaşıllıqların suvarılması təmin olunub. Həyata keçirilən işlərə MKTİB-nin 5, 12, 13 saylı Ərazi Xidmət Sahələrinin əməkdaşları və müxtəlif təyinatlı texnikaları cəlb olunub.
Qeyd edək ki, Gəncə Memorial Kompleksi unikal memarlıq üslubunu özündə əks etdirən muzey binasından, estetik cəhətdən gözəl və funksional landşaft zonasından və əhalinin istirahəti üçün geniş parkdan ibarətdir.