Gəncədə yaşayan IX sinif şagirdi Mədinə Rəfibəylinin 13 yaşında qələmə aldığı ilk kitabı nəşr olunub.
Gencexeber.az xəbər verir ki, şəhərin 16 nömrəli məktəbində təhsil alan Mədinə Rəfibəyli kiçik yaşlarından ədəbiyyata və yazıçılığa maraq göstərir.
Gənc müəllif tanınmış Azərbaycan şairəsi, Xalq şairi Nigar Rəfibəylinin nəslindəndir. Mədinə ailəsinin ədəbi ənənələrini davam etdirməklə yanaşı, öz əsərləri ilə oxucuların marağını qazanmaq istəyir.
Onun ilk kitabı rus dilində yazılmış "Силуэт в ДОЖДЕ" adlı detektiv romandır. Dram elementlərinin də yer aldığı əsərin süjeti sirli hadisələr və onların araşdırılması üzərində qurulub.
Kitabın təqdimatı ötən həftə baş tutub. Satışına isə təxminən bir ay əvvəl başlanılıb. Əsəri Bakıda müxtəlif kitab satış məntəqələrindən, Gəncədə isə yalnız "Bookzone" mağazasından əldə etmək mümkündür.
Mədinə Rəfibəyli artıq ikinci kitabını da tamamlayıb və hazırda onun nəşrini gözləyir. Məktəbli gələcəkdə də yazıçılıqla məşğul olmağı və yeni əsərlər qələmə almağı planlaşdırır.