Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Gencexeber.az məlumat verir ki, Sərəncama əsasən, Göygöldə fəaliyyət göstərən Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun Elmi şöbəsinin müdiri Yasin Qalibqulu oğlu Gözəlov "Tərəqqi" medalı ilə təltif edilib.
Qeyd edək ki, Gəncədə yaşayan Yasin Gözəlov heyvandarlıq, quşçuluq və müasir biotexnoloji üsulların tətbiqi sahəsində 35 ildən artıq elmi və praktiki təcrübəyə malikdir.
O, elmi-praktiki fəaliyyətinə dair 2 kitabın, 30-dan çox praktiki tövsiyənin, 100-dən artıq elmi və publisistik məqalənin müəllifidir. Alim, həmçinin elmi yeniliklərin fermer təsərrüfatlarında tətbiqi, metodiki materialların və məlumat vərəqələrinin hazırlanması istiqamətində də fəaliyyət göstərir.