Gəncə şəhərinin Xan Bağı istirahət məkanında "Şəhid və Müharibə Veteranlarının Qadın Ailə Üzvləri üçün Sahibkarlıq Kursları" layihəsinin yekun sərgisi təşkil olunub.
Gencexeber.az bildirir ki, sərgidə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi, "Gəncə Sahibkar Qadınlar" İctimai Birliyinin sədri Zenfira Ağayeva, sahibkar qadınlar, şəhid və müharibə veteranlarının ailə üzvləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bildirilib ki, layihənin əsas məqsədi şəhid və müharibə veteranlarının qadın ailə üzvlərinin sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, onların məşğulluğunu və iqtisadi fəallığını artırmaq, cəmiyyətə daha fəal inteqrasiyasına dəstək verməkdir.
Sərgi zamanı layihə iştirakçıları hazırladıqları əl işlərini və müxtəlif məhsulları nümayiş etdirərək əldə etdikləri bilik və bacarıqları təqdim ediblər.
Tədbirin sonunda kursu uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.