Gəncə şəhərində 2 və 8 nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobuslarda kondisionerlərin işləməməsi problemi yenidən gündəmə gəlib.
Gencexeber.az məlumat verir ki, bir ay əvvəl redaksiyamız tərəfindən işıqlandırılan problem ictimai diqqət çəkdikdən sonra qısa müddət ərzində aradan qaldırılmışdı. Lakin havaların yenidən kəskin isti keçməsinə baxmayaraq, "Azər-Avtonəqliyyat" ASC-yə məxsus 2 və 8 nömrəli marşrut avtobusların çoxunda kondisionerlər yenidən işlədilmir.
Redaksiyamıza müraciət edən sərnişinlərin sözlərinə görə, sürücülərə bunun səbəbi ilə bağlı irad bildirdikdə, onlara kondisionerlərin yanacaq sərfiyyatını azaltmaq məqsədilə işə salınmadığı bildirilib.
Qeyd edək ki, vətəndaşların səsləndirdiyi bu iddialara münasibət öyrənmək üçün "Azər-Avtonəqliyyat" ASC ilə əlaqə saxlamağa cəhd etsək də, bu, mümkün olmayıb.