Gəncədə genişmiqyaslı iməcilik baş tutub.
Gencexeber.az Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən məlumat verir ki, qurum tərəfindən təşkil edilən iməcilik aksiyası Şah İsmayıl Xətai prospekti ilə Nizami Gəncəvi prospektini birləşdirən Səbuhi Əliyev küçəsində, eləcə də bu küçə ilə kəsişən Şəhid Elməddin Namazov və Nizami Gəncəvi prospektinin 12-ci döngəsində həyata keçirilib.
Təmizlik işlərinə MKTİB-nin Ərazi Xidmət Sahələrinin əməkdaşları və qurumun xüsusi texnikaları cəlb olunub. Adıçəkilən ünvanlar məişət tullantılarından, alaq otlarından, eləcə də daş, qum və toz-torpaqdan təmizlənib.
Şəhid Elməddin Namazovun ailəsinin yaşadığı evin ətrafında səliqə-sahman yaradılıb. Aksiya çərçivəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulan müxtəlif tutumlu konteynerlərin və zibil qutularının ətrafları da təmizlənib.