Gəncənin Lermontov küçəsində yaşayanlar qonşularından birinin həyətini zibil poliqonuna çevirməsindən narazıdırlar.
Bu barədə Gencexeber.az-a müraciət edən sakinlərin sözlərinə görə, əraziyə yığılan tullantılar səbəbindən ətrafa üfunət yayılır, küçəni bit basıb. Vəziyyət o həddə çatıb ki, qonşular pis qoxu səbəbindən evlərinin qapı-pəncərəsini aça bilmirlər.
Sakinlərin bildirdiyinə görə, həyətlə yanaşı, orada saxlanılan "VAZ-2106" markalı avtomobilin salonu da tullantılarla doludur.
Məlumata əsasən, şikayətə səbəb olan evdə orta yaşlı iki qardaş yaşayır. Onlardan birinin əqli qüsurlu olduğu bildirilir.
Qonşular aidiyyəti qurumlardan məsələyə müdaxilə etməyi, ərazinin tullantılardan təmizlənməsini xahiş edirlər.
Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupuna sorğu ünvanlanıb.