Gəncədə qanunsuz tikinti aşkarlanıb. Bu haqda 23 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
İcra Hakimiyyəti yanında şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə monitorinq keçirilib. Bir neçə yaşayış və qeyri-yaşayış sahələrinin müvafiq icazəverici sənədləri olmadan tikintisinin aparıldığı aşkarlanıb.
Nəticədə şəhərin Nizami Gəncəvi prospektində (Gəncə Hava Limanı istiqamətində), Azərbaycan əsgəri küçəsində və Gülüstan yaşayış massivində (48 saylı yaşayış binasının arxasında) qanunsuz inşa edilən obyektlərdə tikinti işləri dayandırılaraq sökülüb.