2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi.
Bu gün tarixə haqq savaşımızın 43-cü günü kimi daxil olub.
Gencexeber.az məlumat verir ki, 8 noyabr 2020-ci ildə Şuşa şəhəri işğaldan azad edilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edərək onu Şuşa şəhərinin işğalçılardan azad olunması münasibətilə təbrik edib.
Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi, dörd ədəd T-72 tankı, iki ədəd D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili sıradan çıxarılıb.
Cəbhənin Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şəxsləri məhv edilib. Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.