9 ildir Dövlət Məşğulluq Agentliyinə müraciət edən şəxs hələ də gözləmədə olduğunu iddia edir.
Məsələ ilə bağlı Gencexeber.az-a müraciət edən 50 yaşlı Rauf Hümbətov bildirib ki, 2017-ci ildə ailə üzvləri ilə birlikdə Məşğulluq Agentliyinə müraciət edib:
"Tanışlarıma 20 baş xırdabuynuzlu, 2 baş iribuynuzlu heyvan verildi. Mənim isə müraciətimə baxılmadı. 2025-ci ildə də müraciət etdim və yenidən "özünəxidmət avtoyuma" biznes ideyası üzrə özünüməşğulluq proqramına növbəyə alındım. Amma 9 ildir gözlədiyim aparat hələ də mənə təqdim olunmur. Məni çox yubatdılar, həyətdə aparat üçün xüsusi yer hazırlamağımı dedilər, amma 9 ildir səs-soraq yoxdur".
Məşğulluq Agentliyindən bildirilib ki, Hümbətov Rauf Həsən oğlunun müraciəti araşdırılıb:
"Vətəndaş məşğulluq sistemində işsiz kimi qeydiyyatdadır. Öz istəyi əsasında o, "özünəxidmət avtoyuma" biznes ideyası üzrə özünüməşğulluq proqramına növbəyə alınıb. Hazırda növbədə 2-ci şəxsdir. Özünüməşğulluq proqramı növbəlilik sistemi əsasında bir neçə mərhələdə icra olunur. R.Hümbətov da növbəsi çatdığı zaman ilkin monitorinq aparılacaq və nəticəsinə uyğun olaraq tədbirlər görüləcəkdir. Vətəndaş bütün mərhələləri uğurla tamamladıqdan sonra onun aktivlərlə təminatı həyata keçiriləcək".
Qeyd olunub ki, R.Hümbətov daha əvvəl də özünüməşğulluq proqramına müraciət edib. Lakin həmin dövrdə araşdırma zamanı məşğul şəxs olduğu müəyyənləşdiyi üçün onu proqramın digər mərhələlərinə cəlb etmək mümkün olmayıb.