"Elmi araşdırmalar aydın şəkildə göstərir ki, dərslərdə rəqəmsal yayınma öyrənmə nəticələrinə kəskin mənfi təsir edir".
Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir bildirib ki, Azərbaycanda uşaqlar rəqəmsal cihazlardan (planşet, smartfon və s.) öyrənmək məqsədilə gün ərzində ortalama 2,3 saat, asudə vaxtlarında isə 1,7 saat istifadə edirlər. Digər ölkələrlə müqayisədə azərbaycanlı uşaqların rəqəmsal alətlərdən istifadə göstəricisi daha yüksəkdir.
Emin Əmrullayev xüsusilə dərslərdə diqqətin yayınması faktına diqqət çəkib:
"Araşdırmanın nəticələrinə əsasən, şagirdlərin 20 faizi - yəni təxminən hər beş uşaqdan biri dərslərdə yoldaşlarının rəqəmsal cihazlardan istifadə etməsi səbəbindən diqqətinin yayındığını bildirib. Ən maraqlı məqam isə odur ki, diqqəti yayınan şagirdlərin topladığı bal digərlərindən təxminən 40 bal aşağıdır. Bu isə iki akademik il fərq deməkdir".
Nazir vurğulayıb ki, məktəblərin daxilində smartfon və rəqəmsal cihazların qadağan edilməsi qərarı təsadüfi deyil və kiminsə şəxsi istəyinə əsaslanmır:
"Bu tədqiqat sırf Azərbaycana və ölkəmizin 15 yaşlı uşaqlarına aiddir. Məktəblərdə rəqəmsal cihazların tənzimlənməsi və qadağan olunmasının məntiqi özünü tam doğruldur. Dünyanın bir çox ölkələrində də smartfonlar məktəblərdə ümumiyyətlə qadağandır. Elmi araşdırmalar aydın şəkildə göstərir ki, dərslərdə rəqəmsal yayınma öyrənmə nəticələrinə kəskin mənfi təsir edir. Nəticələrin yüksəlməsi üçün bu alətlərdən istifadə mütləq tənzimlənməlidir".
Mənbə: İTV