Gəncədə küçələrin birində işıqlandırma sisteminin təmirə ehtiyacı var. Bu haqda Gencexeber.az-a 28 avqust tarixində məlumat daxil olub.
Söhbət Hərbi şəhərcik, 83 ünvanından gedir. Sakinlər bildirirlər ki, burada bir ilə yaxındır yeni işıqlandırma sistemi quraşdırılıb. Lakin bir neçə gündür ki, küçə işıqlandırılmır. Əhalinin sözlərinə görə, lampalar yararsız hala düşüb.
“Bir-iki gün işıqlar tez-tez yanıb-sönürdü. Daha sonra, ümumiyyətlə, yanmamağa başlayıb. Küçə işıqlandırılması olmayanda gedib-gəlməkdə çətinlik yaşayırıq. Qarşıdan qış gəlir, hava tez qaralacaq. Oğul-uşaq məktəbdən gələndə qaranlıq olur”, – deyə sakinlər qeyd ediblər.