Gəncədə gənclər üçün yeni layihə başlayıb. Bu haqda 22 fevral tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.
Gənclər Fondunun maliyyə dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnkişaf Könüllüləri Təşkilatının tərəfdaşlığı və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə keçirilən “Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi” adlı layihənin açılış mərasimi baş tutub. Burada Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Milli Məclisin deputatı Müşfiq Cəfərov aqrar sahədə dövlət dəstəyindən, beynəlxalq təcrübələrindən, ölkədə icra edilən dövlət gənclər siyasətinin nəticələrini və gənclər üçün yaradılan imkanlardan danışıblar.
Daha sonra ADAU-nun Magistr hazırlığı mərkəzinin direktoru Aqil Mustafayev, UTECA-nın İnsan resursları şöbəsinin müdiri Asif Həsənzadə, “Kapital Bank”ın Gəncə filialının müdiri Vüqar Paşayev və layihə rəhbəri Ruslan Vəliyev çıxış ediblər.
Beş gün müddətində mütəxəssislər tərəfindən layihənin istiqamətlərinə uyğun müxtəlif mövzularda təlimlər keçiriləcək, onların əmək bazarına hazırlanması işinə dəstək göstəriləcək. Sonda iştirakçılar sertifikatla təltif olunacaqlar. Həmçinin onların məşğulluğunun təmin edilməsi istiqamətində karyera məsləhətləri veriləcək.