Gəncədə köhnə binaların sakinləri üçün təhlükəli vəziyyət yaranıb. Bu haqda Gencexeber.az-a 17 fevral tarixində məlumat daxil olub.
Söhbət şəhərin Zülfüqar Məmmədov küçəsində yerləşən 36 nömrəli binadan gedir. İzləyicimizin sözlərinə görə, burada bacalar təmizlənmir. Nəticədə soba yandırılan zaman mənzillər tin (kömür dəmi) ilə dolur. Hətta bəzən tüstülənmə halları da olur.
İzləyicimiz deyir ki, əvvəllər binalarında tüstü bacaları Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təmizlənirdi. Onların baxımsız qalması isə bir sıra risklər yaradır.
Qeyd edək ki, qış aylarında təbii qaza tələbat artdığından dəm qazından boğulma halları çoxalır. Bunların isə başlıca səbəbi tüstü bacalarının vaxtında təmizlənməməsidir.