Gəncədə açıq birincilik təşkil olunub. Bu haqda 16 yanvar tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Sərbəst güləş üzrə yeniyetmələr arasında yarış Olimpiya idman kompleksində keçirilib. Birincilik həm Gəncədən olan Vətən müharibəsi şəhidləri Orxan Yusubov və Elvin Mustafayevin, həm də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub.
Rəsmi hissədən sonra rəqs ansamblları milli musiqi sədaları altında bacarıqlarını nümayiş etdiriblər, vətənpərvərlik ruhunda mahnılar səslənib, ritm qruplarının ifaları iştirakçılarda xoş ovqat yaradıb. Həmçinin pəhləvanlar çıxışlar ediblər. Açılış mərasimindən sonra yarışa start verilib. Burada Nizami yurdunun güləşçiləri ilə yanaşı, Bakı, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Ağstafa, Tovuz və Şəmkir idmançıları da qalib olmaq üçün xalça üzərinə çıxıblar.
Açıq birinciliyə ümumilikdə 200-ə yaxın güləşçi qatılıb. Həm qız, həm də oğlanlar güclərini sınayıblar. Böyüklər 11, kiçiklər isə 10 çəkidə mübarizə aparıblar.
Yarışın yekununda ilk üç yeri tutan güləşçilər medal və diplomla təltif ediliblər.