Gəncədə universitetlərdən biri yeni əməkdaşlığa başlayıb. Bu haqda 12 iyul tarixində ATU-ya istinadən məlumat veririk.
Azərbaycan Texnologiya Universitetinin rəsmiləri "Xəzri TN" MMC-nin nümayəndələri ilə görüşüblər. Tərəflər arasında anlaşma memorandumu bağlanıb.
Sənədi ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərovla MMC-nin direktoru İlkin Şabanov imzalayıblar. Memorandumda istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin edilməsi, təqaüd proqramının təsis edilməsi, birgə konfrans, seminar və təlimlərin təşkili və s. məsələlər yer alıb.
İmzalanma mərasimindən sonra müəssisə nümayəndələri ATU-nun Qida mühəndisliyi fakültəsi, laboratoriyaları ilə tanış olublar.