Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az məlumat verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan magistral yolunun 300-cü kilometrliyində, Yevlax rayonunun Duzdağ kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Dönmə manevri edən qoşqulu KamAZ markalı yük avtomobilinə "Mercedes-Benz Vito" markalı mikroavtobus çırpılıb.
Zərbə mikroavtobusun ön sağ hissəsinə, sürücünün yanında oturan sərnişinin olduğu tərəfə tuş gəlib. 1955-ci il təvəllüdlü Qazax rayon sakini Altay Qasımov hadisə yerində həyatını itirib.
Avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Şəmkir rayon sakini İsmət Qasımov isə müxtəlif dərəcəli xəsarətlərlə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.