Gəncənin bir neçə ərazisində kanalizasiya və yağış sularının yaratdığı problemlər sakinlərin gündəlik hərəkətini çətinləşdirib.
Gencexeber.az-a daxil olan məlumata görə, Mahrasa bağı adlanan yaşayış massivində, "Təbriz market"in yaxınlığında kanalizasiya xətti tutulub. Nəticədə su ətrafdakı ticarət obyektlərinə dolur, ərazidə hərəkət etmək çətinləşir.
Eyni vəziyyət şəhərin Cavadxan küçəsi, 2-ci döngəsində də müşahidə olunur. Küçə su altında qalıb.
Bundan başqa, Təbriz küçəsində, 16 nömrəli məktəbə gedən yolda səkiyə çəkilmiş asfalt örtüyü demək olar ki, dağılıb. Ərazi su ilə dolduğundan piyadaların hərəkəti ciddi şəkildə çətinləşib.
Sakinlər yaranmış problemlərin aradan qaldırılması, kanalizasiya xətlərinin təmizlənməsi və küçələrin normal vəziyyətə gətirilməsini istəyirlər.