Samux rayonunda 22 yaşlı oğlan yetkinlik yaşına çatmayan qıza qarşı cinsi zorakılıq törədib.
Belə ki, 2004-cü il təvəllüdlü Sənan rayonunun qəsəbələrindən birində tanışı Vüsalın (adlar şərtidir) əsgər qonaqlığında iştirak edib.
Bu zaman o, həmin evin həyətində oynayan 2016-cı il təvəllüdlü Ləmanı görüb. Sənan azyaşlıya qarşı zorakılıq hərəkətləri etmək qərarına gəlib.
Bu məqsədlə azyaşlı qıza "Gəl gedək, səninlə kurtkamı evdən götürək, gələk" deyib. Onu aldadaraq əlindən tutub aparmaq istəyib.
Bu zaman Sənan əlindən çıxmağa çalışan azyaşlıya zor tətbiq edərək onu buraxmayıb və qəsəbə ərazisində, kənd arasında "kanalın üstü" adlanan yerdə ona qarşı intim xarakterli hərəkətlər edib və zorlayıb.
İş üzrə ifadə verən Sənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Zərərçəkmiş Ləmanın sözlərinə görə, hadisə günü babasıgilə gedib:
"Hadisə günü Sənan "gödəkçəmi bir nəfər sizin evin qabağına aparıb, sizin eviniz haradadır?" dedi. Mən Sənana evimizin kanal tərəfə gedən yolda olduğunu dedim. O isə məni qabağa apardı. Orada əynimdə olan üst və alt paltarlarımı çıxararaq pis-pis hərəkətlər etdi".
İş üzrə zərərçəkmiş Ləmanın atası Vəlinin sözlərinə görə, həmin gün başı qonaqlara qarışıb və Ləmanın ortalıqda olmadığını bilməyib:
"Ləmanı axtaranda isə bir nəfər kanala su gəldiyini dedi. Mən də Ləmanın kanala düşmüş ola biləcəyini fikirləşərək qorxdum. Geri qayıdanda Ləman ağlaya-ağlaya yanıma gəldi və bir nəfər əminin onu kanala apardığını dedi. Divana otuzduranda Ləmanın ayağının qanlı olduğunu və üst geyiminin tərs geyinildiyini gördüm. O, bir əminin ona bunu etdiyini dedi. Sənan tapıldıqdan sonra "mən deyildim" deyə and içdi. Sonra Ləmanla ilkin üzləşdirilməsi zamanı əməlini etiraf etdi".
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan 10 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə: demokrat.аz