Göygöl rayonunun Quşqara kəndində yolun vəziyyəti əhalinin ciddi narazılığına səbəb olub.
Gencexeber.az-a müraciət edən sakinlərin sözlərinə görə, kənd ərazisindən hər gün yüzdən çox ağırtonnajlı yük maşınının keçməsi yolun tamamilə yararsız vəziyyətə düşməsinə zəmin yaradır.
Söhbət təxminən 7 kilometrlik avtomobil yolundan gedir. Ərazidə fəaliyyət göstərən müəssisələrin yük maşınları onsuz da bərbad olan yolu daha da dağıdır. Nəticədə kənd sakinləri gündəlik hərəkət zamanı ciddi çətinliklərlə üzləşirlər.
Vətəndaşlar bildirirlər ki, problem illərdir davam edir. Dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, yolun vəziyyəti ilə bağlı indiyədək konkret tədbir görülməyib.
Quşqara kənd bələdiyyəsindən bildirilib ki, avtomobil yolu bələdiyyənin tabeliyindədir və müəssisə rəhbərlərinə yaranmış vəziyyətlə bağlı dəfələrlə məlumat verilib.