Ağstafada 2023-cü ildə vəfat edən şəxsə ölümündən iki il sonra cərimə yazılıb.
Ağstafa Rayon Məhkəməsinə daxil olan sənədlərdən bəlli olub ki, həmin şəxsə 2025-ci ildə İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə (Təhlükəsizlik kəmərindən istifadə etməmə) protokol tərtib edilib və o, 40 manat cərimə olunub.
Lakin barəsində protokol tərtib edilmiş şəxs ona təyin olunmuş cəriməni ödəmədiyindən həmin məbləğin üzərinə dəbbə pulu hesablanıb. Şəxsin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə cəriməni ödəmədiyi bildirilib.
Buna görə, onunla bağlı İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilib.
İşə Ağstafa Rayon Məhkəməsində hakim Natiq Abbasovun sədrliyi ilə baxılıb. Şəxsin qeydiyyat məlumatları üzrə çıxarışdan müəyyən edilib ki, cərimə yazılan şəxs əslində, 2023-cü ildə dünyasını dəyişib. Haqqında icraat aparılan şəxs öldüyündən işə xitam verilib.
Mənbə: xitab24.аz