Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 2026–2027-ci tədris ili üzrə hazırlıq işləri tamamlanıb.
Gencexeber.az məlumat verir ki, yeni tədris ilində region üzrə ümumi təhsil müəssisələrində 86 816 şagirdin təhsil alması gözlənilir.
Onlardan 6801-i I sinif, 7937-si IX sinif, 7007-si isə XI sinif şagirdləridir.
Yeni tədris ilində məktəbəhazırlıq qruplarına 4613 beşyaşlının cəlb olunması nəzərdə tutulur.
Hazırda regionun ümumi təhsil müəssisələrində 7659 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 531 tərbiyəçi-müəllim təlim-tərbiyə prosesinin həyata keçirilməsinə cəlb olunub.
Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində Gəncə və Naftalan şəhərləri, eləcə də Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları üzrə ümumilikdə 376 təhsil müəssisəsi fəaliyyət göstərir.