Gəncədə marşrut xətlərindən birinin sürücüləri xəttə çıxmayıblar. Bu haqda 4 fevral tarixində Report-a istinadən məlumat veririk.
Söhbət 11 nömrəli marşrut xəttində çalışan sürücülərdən gedir. Onlar bu addımı qoyulan planın artımına etiraz əlaməti olaraq atıblar. Bu səbəbdən sərnişinlərin bu marşrutdan istifadə etməsi mümkün olmayıb. Sakinlər saatlarla dayanacaqda avtobus gözləyiblər.
Sürücülər bildiriblər ki, gediş haqqı qiyməti artırıldıqdan sonra onların çalışdığı şirkət də gündəlik planı artırıb. Bu səbəbdən narazı olduqlarını və bu planı əvvəlki kimi ödəmək istədiklərini qeyd ediblər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, hadisədən xəbərdardırlar.
"Gəncə şəhərindəki 11 nömrəli marşrut xəttində sürücülər şirkətdaxili narazılıqla əlaqədar xəttə çıxmaq istəməyiblər. Sərnişin axınının idarə edilməsi üçün paralel marşrut üzrə hərəkət edən 23 saylı avtobusların sayı artırılıb. Xəttə əlavə 10 avtobus cəlb edilib. AYNA tərəfindən daşıyıcı və sürücülərlə söhbət aparılıb. Daşıyıcılara belə hallara yol verməmələri barədə xəbərdarlıq edilib. Hazırda 11 nömrəli marşrutun fəaliyyəti tam bərpa edilib", - deyə agetlikdən cavab verilib.