Bu gün şəhid Oruc Vəliyevin doğum günüdür.
Oruc Ramiz oğlu Vəliyev 13 iyul 1994-cü ildə Gəncədə anadan olub. 2001-ci ildə Gəncə şəhər 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2012-ci ildə Bakı şəhərindəki 36 nömrəli tam orta məktəbi bitirib. Həmin il həqiqi hərbi xidmətə çağırılıb və Quru Qoşunlarda xidmət edib.
2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə cəlb olunub. Vətən müharibəsi vaxtı o, Murov zirvəsinin işğaldan azad edilməsində yaxından iştirak edib.
Oruc Ramiz oğlu Vəliyev 1 oktyabr 2020-ci il tarixində yaralı yoldaşını döyüş bölgəsindən çıxarmaq istəyərkən şəhidlik zirvəsinə yüksəlib. 18 dekabr tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.