Gəncədə yolun hərəkət hissəsində yerləşən açıq drenaj quyuları az qala bədbəxt hadisəyə səbəb olacaqdı.
Gencexeber.az-ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində, "Ramada Plaza"nın yaxınlığında axşam saatlarında qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü, universitetlədən birinin ikinci kurs tələbəsi velosipedlə hərəkətdə olarkən yolun üzərində ardıcıl yerləşən iki ağzı açıq drenaj quyusundan birinə düşüb. Nəticədə o, yıxılaraq sağ dirsəyindən xəsarət alıb.
Məlumata görə, quyular yolun tam hərəkət hissəsində və təxminən 20-25 metr aralı məsafədə biri-birinin ardınca yerləşir. Ərazidə işıqlandırmanın zəif olması səbəbindən gənc quyunu vaxtında görə bilməyib.
Şəhər sakinləri bildirirlər ki, sözügedən açıq drenaj quyuları həm piyadalar, həm də velosiped və avtomobil sürücüləri üçün ciddi təhlükə yaradır. Onlar məsələ ilə bağlı aidiyyəti qurumların operativ tədbir görməsini tələb edirlər.