Gəncə şəhərində avtobus intervallarının uzunluğu ilə bağlı narazılıqlar artmaqdadır.
Gencexeber.az məlumat verir ki, sentyabrın 28-dən Gəncədə "BakuBus" MMC-nin istismarına verilmiş marşrut xətlərinin fəaliyyətindən sərnişinlər ciddi narazılıq edirlər. Şikayətlər sırasında dayanacaqlar arasındakı uzun məsafələr, avtobusların intervalı və bir çox digər məsələlər yer alır.
Redaksiyamıza daxil olan şikayətə görə, Sevinc (Məhsəti) qəsəbəsində fəaliyyət göstərən 11 nömrəli avtobusda dünən xoşagəlməz hal yaşanıb. Sakinlərin sözlərinə görə, avtobuslar arasında uzun intervallar nəqliyyat vasitələrində həddindən artıq sıxlıq yaradıb. nəticədə bütün avtobuslarda sərnişinlər sürücülərlə mübahisə edib.
Şikayətçilər bildirirlər ki, əvvəllər marşrutda köhnə avtobuslar işləsə də, onların hərəkət qrafikində belə problemlər müşahidə olunmurdu:
"Köhnə avtobuslar olsa da, işləmə vaxtı normal idi. İndi isə yeni avtobuslar gəlməsinə baxmayaraq, insanlar dayanacaqlarda saatlarla gözləməli olurlar."
Sakinlər aidiyyəti qurumlardan məsələni diqqətdə saxlamalarını və avtobusların interval problemini aradan qaldırmalarını tələb edirlər.
Qeyd edək ki, "BakuBus" MMC Gencexeber.az-a sakinlərin narazılıqları ilə bağlı açıqlama verib. Şirkətdən bildirilib ki, marşrutlarda yaranan uzun intervallar avtobus parkında olan nəqliyyat vasitələrinin III MDB Oyunlarının tələbatına uyğun olaraq ezam edilməsi ilə bağlıdır. İidman tədbiri başa çatdıqdan sonra avtobuslar yenidən Gəncəyə qaytarılacaq və mövcud xətlərdə istismara veriləcək.