Şəmkir rayonunda 32 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Şəmkir rayonunun kəndlərinin birində 1994-cü il təvəllüdlü İslam birgə yaşadıqları evin qonaq otağında arvadı Təranə (adlar şərtidir) ilə mübahisə edib.
İstintaq materiallarına görə, hadisəyə İslamın sərxoş vəziyyətdə evə gəlməsi və həyat yoldaşının ailənin maddi imkansızlığı ilə bağlı ona irad bildirməsi səbəb olub. Mübahisə zamanı tərəflər qarşılıqlı olaraq bir-birlərinin ünvanına nalayiq ifadələr işlədiblər. Bundan sonra İslam yumruqla arvadına xəsarət yetirib.
İslam barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən İslam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini bildirib.
Zərərçəkmiş Təranə də ərizə ilə məhkəməyə müraciət edərək əri ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini və bu səbəbdən ərinə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.
Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə İslam cinayət məsuliyyətindən azad edilib.
Mənbə: demokrat.аz