Gəncəmizin görkəmli şəxsiyyətlərindən biri də Mirzə Hacızadədir.
Mirzə Məşədi Yusif oğlu Hacızadə 1897-ci ildə Gəncədə anadan olub. O, "Göygöl" təxəllüsü ilə də tanınıb.
Gencexeber.az məlumat verir ki, o, ilk təhsilini mədrəsədə alıb, 1906-cı ildən o zamankı Yelizavetpol kişi gimnaziyasında, 1915-ci ildən isə Xarkovdakı Novo-Aleksandr İnstitutunun kənd təsərrüfatı və meşəçilik şöbəsində oxuyub. Hacızadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri idi. O, əvvəl İtaliyaya, sonra isə təhsilini davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilib.
Təhsilini başa vurduqdan sonra Hacızadə artıq sovet işğalına məruz qalmış Azərbaycana dönə bilməyib. O, 1926-cı ildə Berlində doktorluq dissertasiyası müdafiə edib. Bu illərdə Hacızadə Azərbaycana qayıtmağa yenidən cəhd etsə də, bu baş tutmayıb.
Hacızadə bir müddət Almaniyada seleksiyaçı (yeni heyvan və bitki növləri yetişdirmə mütəxəssisi) alim kimi fəaliyyət göstərdikdən sonra Türkiyəyə dəvət olunub. Buranın vətəndaşlığını qəbul edən Mirzə 1933-cü ildə "Göygöl" təxəllüsünü götürüb. O, 1961-ci ilədək İstanbulun Halkalı toxumçuluq stansiyasında işləyib, ali məktəblərdə dərs deyib. Hacızadə İstanbulda Nəsib bəy Yusifbəylinin qızı Zöhrə xanımla ailə qurub. Alim Məhəmməd Əmin Rəsulzadə, Adil xan Ziyadxanov, Cahangir bəy Kazımbəyli və Türkiyədə yaşayan başqa azərbaycanlı mühacirlərlə dostluq edib, evində müntəzəm toplantılar, müşavirələr keçirib.
Hacızadənin ali məktəb tələbələri üçün dərslik kimi istifadə olunan 34 kitabı, həmçinin 300-dək elmi məqaləsi çap olunub. Sovet dövründə Türkiyəyə səfər edən Azərbaycan mədəniyyət xadimləri dəfələrlə onun qonağı olub. Hacızadə Niyazinin dəvəti ilə 1969-cu ildə Bakıya gəlib, respublika alimləri qarşısında mühazirələr oxuyub. Lakin onun bütün cəhdlərinə baxmayaraq, alimin Gəncəyə getməsinə, qohumlarının qəbrini ziyarət etməsinə icazə verilməyib.
Mirzə Məşədi Hacızadə 21 aprel 1981-ci (bəzi məlumatlara görə 1980-ci) ildə İstanbul şəhərində vəfat edib və Zincirliquyu məzarlığında dəfn olunub.