Gəncə Apellyasiya Məhkəməsində qətl törətməkdə və bilə-bilə yalan xəbərçilik etmədə təqsirləndirilən Fariz Cəlilovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.аz xəbər verir ki, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, 2023-cü ilin fevral ayının ortalarında Fariz Cəlilovгт Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yaşadığı fərdi yaşayış evinin həyətində saxladığı it onunla qonşuluqda yaşayan həmkəndlisi, 1959-cu il təvəllüdlü Əntiqə Məmmədovaya məxsus toyuqların yumurtalarını yeyib. Bu səbəbdən də Əntiqə Məmmədova bir neçə dəfə ona irad bildirib, itinin ona vurduğu 7 manat məbləğində maddi ziyanın ödənilməsini tələb edib. Fariz bununla əlaqədar 19 fevral 2023-cü il tarixdə saat 21:30 radələrində Əntiqə Məmmədovanın yaşadığı evə gedib, 7 manatı ödəyib, həyətdən çıxıb uzaqlaşmaq istəyəndə, qadın onun vəfat etmiş valideynləri və övladının ünvanına nalayiq ifadələr işlədib. O, əsəbiləşərək Əntiqə Məmmədovanın sözlərini özünə və vəfat etmiş yaxınlarının ruhuna ağır təhqir kimi qəbul edib, bundan hiddətlənib. Sonra Fariz qadının mətbəxindən götürdüyü bıçaqla onu qətlə yetirib.
Bundan başqa, o, qadını qəsdən öldürülməsi faktı üzrə cinayət təqibinin aparıldığı müddətdə cinayətin onun tərəfindən törədilməsini təsdiq edən təkzibedilməz mötəbər sübutların olmasına baxmayaraq, törətmiş olduğu xüsusilə ağır cinayəti ört-basdır etmək niyyəti ilə bilə-bilə yalan xəbərçilik edib. Fariz istintaq orqanlarının əməkdaşlarına hadisəni öz əmisi, Zəyəm-Cırdaxan kənd sakini və həmin şəxsin oğlu tərəfindən törədildiyini bildirib. Lakin sonradan hadisəni onun tərəfindən törədildiyi məlum olub və barəsində həbs qətimkan tədbiri seçilib.
Lakin Fariz Cəlilov məhkəmədə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərib ki, heç bir cinayət əməlini törətməyib və onun heç bir cinayətdən xəbəri yoxdur.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ona 13 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.