Ümumi sahəsi 6 hektar olan keçmiş "Metallurq" stadionu uzun illər Gəncənin idman həyatında mühüm rol oynayıb. Bir zamanlar bölgənin ən böyük idman obyektlərindən hesab olunan stadion bu gün tamamilə baxımsız vəziyyətə düşüb.
Gencexeber.az-ın məlumatına görə, ərazidə yalnız tribunalar və idman alətləri deyil, stadiona aid artezian çəni də deşilərək zədələnib. Nəticədə təmiz içməli su hər gün boş-boşuna axaraq israf olunur. Sakinlərin sözlərinə görə, bu sudan əhali istifadə etmir, o əsasən stadionun ərazisindəki şam və digər ağacların suvarılmasında istifadə olunub.
Şəhər sakinləri həm infrastrukturun baxımsız qalmasından, həm də suyun israf edilməsindən narahatdırlar. Onlar aidiyyəti qurumlardan problemin təcili aradan qaldırılmasını və çənin təmir olunmasını tələb edirlər.
Qeyd edək ki, hazırda "Metallurq" stadionu və onun ərazisi istifadəyə yararsız haldadır. Kompleksin gələcək taleyi ilə bağlı isə hələlik rəsmi qərar açıqlanmayıb.