İyulun 24-26-da Göygöl rayonunun Xan yaylağında V Milli Yaylaq Festivalı keçirildi. Tədbirin ilk günündən iştirakçılar arasında idim. Ümumi mənzərə xoş təəssürat bağışlayırdı. Alaçıqlar qurulmuşdu, yerlilərlə yanaşı ayrı-ayrı ölkələrdən milli geyimlərdə olan qonaqlar gəlmişdi, uşaqlar üçün müxtəlif əyləncələr təşkil edilmişdi, milli mətbəxin təamları, içkilər, əl işləri, qədim və müasir döyüş sənətləri, at yarışları. Bir sözlə, hər şey bayram ab-havası yaradırdı.
Amma iki gün ərzində gördüklərim məndə tamam başqa təəssürat formalaşdırdı. Gözəl ideyanın arxasında təhlükəsizlik və təşkilatçılıq baxımından ciddi boşluqlar vardı.
Problemlər hələ yaylağa 3 km qalmış başlayırdı. Festivala aparan yol adi torpaq yoldur - həm dikdir, həm bərbad vəziyyətdədir, həm də bir tərəfi uçurumdur. Hər avtomobil həmin yolu qalxa bilmir və yollarda qalaraq digər avtomobillərin sərbəst qalxmasına ciddi təhlükə yaradırdı. Polislər nəqliyyatı bacardıqları qədər tənzimləməyə çalışsalar da, minlərlə insanın axını qarşısında bunun öhdəsindən gəlmək mümkün deyildi.
Yaylağın özündə isə problem elə girişdən başlayırdı. İnsanların günəşdən qorunması və dincəlməsi üçün kifayət qədər yer yox idi. Bəli, taxta çardaqlar qurulmuşdu, altında masa və oturacaqlar vardı. Amma təsadüfən şahidi olduğum bir mübahisədən məlum oldu ki, həmin çardaqlar qonaqlar üçün yox, idmançılar üçün nəzərdə tutulub. Hətta könüllü bunu yerli sakinlərdən birinə izah etməyə çalışarkən gərginlik yaranmışdı. Məsul şəxslər çağırıldı, amma ziyarətçinin, "bəs mən harada oturum günəşdən qorunmaq üçün" sualına cavab verə bilməyib uzaqlaşdılar.
Əsas məsələ isə həmin çardaqların bir çoxunun vəziyyəti idi. Yerli camaatın iddialarına görə, onlar ilk festival keçirilən ildə tikilib. Beş il ərzində dağın sərt iqlimi – qar, yağış, dolu, güclü külək və qızmar günəş – həmin taxta konstruksiyalara öz təsirini göstərib. ...Və gözlənilməyən (?) bədbəxt hadisə baş verdi - çardaq qəfil çökdü, altında insanlar qaldı. Nəticədə, aralarında azyaşlı qızın da olduğu səkkiz nəfər müxtəlif dərəcəli xəsarət aldı; iki nəfərin ayağı sındı, üç nəfər baş nahiyəsindən yaralandı, digərlərinə ambulator müalicə yazıldı.
Festival təşkilatçılarının hadisədən sonra yaydığı bəyanda bildirilirdi ki, həmin çardaq insanlar üçün yox, atlar üçün nəzərdə tutulubmuş.
Bu açıqlama daha çox sual yaratdı.
Fərz edək ki, doğrudan da atlar üçün nəzərdə tutulmuşdu. Məgər at da canlı deyil? Qəzalı vəziyyətdə olan bir konstruksiyanın altında heyvanların saxlanılması təhlükəsizlik baxımından nə dərəcədə doğrudur?
Ən əsası isə həmin anda çardağın altında insanlar var idi və onlar artıq xəsarət almışdılar. Buna görə də sonradan verilən izah baş verənləri dəyişmirdi.
Xoşbəxtlikdən, hadisə baş verəndə konsert proqramı artıq başlamışdı və insanların böyük hissəsi səhnənin qarşısına toplaşmışdı. Konsert cəmi yarım saat gec başlasaydı, günəşdən qorunmaq üçün həmin çardağın altında daha çox insan olacaqdı...
Təhlükə isə bununla bitmirdi.
Festivalın girişində taxtadan hazırlanmış iri konstruksiya quraşdırılmışdı. Ərazidə çalışan işçilərdən biri onun artıq qəzalı vəziyyətdə olduğunu dedi. Buna baxmayaraq, heç yerdə xəbərdarlıq lövhəsi yox idi. Gün ərzində saysız-hesabsız insan həmin konstruksiyanın üstünə çıxaraq şəkil çəkdirir, video hazırlayırdı.
İstər-istəməz adam düşünürdü: birdən insanların kütləvi keçidi zamanı o da çöksəydi?..
Təəssüf ki, təşkilati çatışmazlıqlar bununla bitmirdi.
Hətta sanitar qovşaqlarda belə elementar məxfilik tam təmin edilməmişdi. Kişilər üçün quraşdırılmış səyyar ayaqyollarından istifadə zamanı insanların sinədən yuxarı hissəsi çöldən görünürdü. Minlərlə qonağın, xarici ölkədən gələn turistlərin iştirak etdiyi tədbirdə bu, kiçik detal kimi görünə bilər. Bu cür elementar məxfiliyin belə nəzərə alınmaması, tədbirin təşkilində xırda görünsə də vacib çatışmazlıqlardan biri idi.
Festivalın ən maraqlı hissələrindən biri atlarla bağlı proqram idi. Yaylaq festivalında atların olması təbiidir. Amma məncə, onların hərəkəti üçün ayrıca marşrut və ya xüsusi ərazi ayrılmalı idi. Atlılar demək olar ki, yaylağın hər yerində hərəkət edirdilər. At nəcisləri isə buna görə addımbaşı ayaqlara bulaşırdı. Həmçinin dəfələrlə telefonla məşğul olduğum yerdə başımı qaldıranda atın düz üstümə gəldiyini gördüm.
Qızım atçılıqla məşğul olur. Ondan öyrəndiyim qədərilə atlar nə qədər qüvvətli və məğrur görünsələr də, eyni zamanda çox hürkək heyvanlardır, onları qəfil hərəkətlə, səs-küylə qorxutmaq olmaz. İzdihamın içində ani bir hürkəklik insanların atların tapdağı altında qalması ilə nəticələnə bilərdi.
Rəsmi proqram çərçivəsində keçirilən at yarışlarında isə risk daha aydın hiss olunurdu.
Yarış zolağı ilə tamaşaçılar arasında normal qoruyucu maneə yox idi. Sadəcə saman presləri düzülmüşdü. Könüllülər uşaqları təhlükəli zonadan uzaqlaşdırmağa çalışsalar da, bunun öhdəsindən gəlmək həmişə mümkün olmurdu. Uşaqlar tez-tez atların yoluna yaxınlaşır, çaparaq gələn atları daha yaxından izləməyə çalışırdılar.
Burada ədalət naminə qonaqların məsuliyyətsizliyini də qeyd etməliyəm.
Bir anda gördüm ki, yarış davam etdiyi halda ata ilə 4-5 yaşlarında oğlu qaça-qaça atların yolunu keçdilər. Ardınca ana əvvəlcə yolun kənarında dayandı, sonra çapan iki atın arasından keçdi.
İnsan nə qədər düşüncəsiz olmalıdır ki, təkcə öz həyatını yox, övladının həyatını da belə təhlükəyə atsın? Amma təhlükəsizlik tədbirləri də məhz belə məsuliyyətsiz halların qarşısını almaq üçün görülür. İnsan amili həmişə var.
Bir cümlə də, festivalda stendləri olanlar barədə demək istəyirəm. Orada satıcılardan biri ilə söhbət zamanı iddia etmişdi ki, kiçik köşkü (1.5x1.5 metr) üçün 1000 manat ödəyib...
Festivaldan qayıdış isə ayrıca bir dramatik film səhnəsi idi. Birinci gün insanlar saatlarla avtobus gözləmişdilər. İkinci gün vəziyyət daha da ağırlaşdı. Təşkilatçılar bir gün öncənin problemindən nəticə çıxarmamışdılar. Ona görə də, tədbirdən çıxan insanların əyləşdiyi bütün maşınları, o cümlədən mikroavtobuslar başqa istiqamətə yönləndirildi. Bildirildi ki, əsas yolda avtobus aşıb və hərəkət müvəqqəti dayandırılıb.
Alternativ dedikləri yol isə qısa müddətdə tam iflic oldu. Maşınlar hərəkət edə bilmədiyi üçün sürücülər mühərrikləri söndürmüşdülər. Biz də "Sprinter"in içində təxminən bir saat gözlədik. Sonra dedilər ki, tıxacın açılması beş-altı saat çəkə bilər.Yoldaşımla qərara gəldik ki, piyada gedək. Onsuz da maşınımızı əvvəlcədən yaylağın 5 km-də olan Qoşabulaq istirahət mərkəzinin ərazisində saxlamışdıq. Bir gün əvvəl yaşanan tıxac bizi buna məcbur etmişdi.
Beləcə yola düşdük. Doğrusu buna yol deməyə adamın dili gəlmir. Bir avtomobilin güclə keçəcəyi qədər dar torpaq cığır idi. Yer o qədər şırım-şırım idi ki, buranın kənd təsərrüfatı texnikası üçün nəzərdə tutulduğu aydın görünürdü. Çığırın bir tərəfinin sərt enişli dərə, həmçinin cığırın özünün də bir neçə yerdə sərt enişli olması ayrı bir təhlükə idi, bir balaca səhv hərəkət maşının sürüşməsinə, digər maşınla toqquşmasına səbəb olardı.
Ayağımda idman ayaqqabısı vardı, amma bir neçə dəfə yıxılmaqdan son anda xilas oldum. Yoldaşım da eynən. Bir-birimizə dayaq olaraq irəliləyirdik. Qəribə də olsa ilin bu fəslində bəzi yerlərdə topuğa qədər palçıq vardı. Bəzən elə dar hissələr olurdu ki, məcbur qalıb əkin sahəsinə çıxırdıq. Açığı, burdan getmək az təhlükəli deyildi, hər an ilan və ya digər vəhşi heyvanlar çıxa bilərdi.
Yolboyu bizim kimi maşınlarını qoyub piyada gedən onlarla insana rast gəlirdik. Bir ailə isə telefonun işığında yolun kənarında oturmuşdu.
Yolun sonuna yaxın tərk etdiyimiz "Sprinter" markalı avtobusdan eynisini gördük. Dayanaraq onun kəskin enişli yolu necə keçəcəyini gözlədik. Düşündüyümüz kimi də oldu, keçə bilmədi və qabaq hissəsi yerə keçərək dayandı. Sərnişinlər düşüb avtobusun ətrafına yığışdılar. Bilmirəm, daha çarəsiz onlar idi, yoxsa kilometrlərlə uzanan tıxacda gözləyən insanlar. Çünki həmin avtobus yerindən tərpənməyincə arxadakı onlarla avtomobil də hərəkət edə bilməyəcəkdi. Ona isə böyük ehtimalla başqa bir köməkçi nəqliyyat vasitəsi lazım olacaqdı.
Gecənin zülmət qaranlığı, üç kilometrə qədər uzanan qırmızı stop işıqları, maşınların arasından səssizcə yoluna davam edən insanlar, yolun kənarında gözləyən uşaqlı ailələr, qaranlıqda közərən siqaretlər, arabir eşidilən narazı səslər... Sanki postapokaliptik filmdən bir səhnə idi.
Elə bu an təpənin o biri üzündən başlayan atəşfəşanlıq həmin mənzərəyə qəribə bir təzad qatdı.
...Nəhayət magistral yola çatdıq. Amma burada da vəziyyət ürəkaçan deyildi. Bizim kimi onlarla insan yoluna davam etmək üçün nəqliyyat gözləyirdi. Maşın tapılmadığı üçün yenə piyada davam etməyə qərar verdik. Xoşbəxtlikdən yolun sonuna az qalmış bir avtomobil saxladı. Sükan arxasında növbəsini başa vurub evinə qayıdan polis əməkdaşı idi. Sağ olsun, bizi maşınımızın yanına qədər apardı.
Beləcə bizim Yaylaq macəramız başa çatdı. Amma o gecə yaylaqda qalan körpə uşaqlı ailələrin, yaşlı insanların, gənclərin "macərası" yəqin ki, yalnız səhərə yaxın bitdi.
Festivallar insanlara xoş xatirələr bəxş etmək üçündür. Xan yaylağında keçirilən festival da milli koloritinə, təbiətinə və ideyasına görə buna layiq idi. Ancaq belə tədbirlərdə gözəl proqram qədər təhlükəsizlik də vacibdir. Çökən çardaq, qəzalı olduğu deyilən taxta konstruksiya, atların hərəkəti ilə bağlı risklər, yarış zolağındakı zəif mühafizə, sanitar qovşaqdakı çatışmazlıqlar və çıxış zamanı yaşanan xaos göstərdi ki, təhlükəsizlik məsələsinə yenidən baxmağa ehtiyac var. Çünki təhlükə artıq ehtimal deyildi - bunu günü sevinərək başlayıb, xəstəxanada bitirən qonaqlar sübut edir.
Yaylağın gözəlliyi insanı valeh edir. Ümidvaram, növbəti festivalda təhlükəsizlik də həmin mənzərənin ayrılmaz hissəsinə çevriləcək.
Emilya Tağıyeva