Bu gün şəhid Bəhruz İsgəndərovun doğum günüdür.
Gencexeber.az məlumat verir ki, Bəhruz Abbas oğlu İsgəndərov 29 noyabr 1986-cı ildə Gəncədə dünyaya gəlib. O, 2002-ci ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirib, təhsilini Bakı Texniki Kollecində davam etdirərək "Avtomobil və maşınqayırma" ixtisasına yiyələnib.
Bəhruz 2006-cı ildə həqiqi hərbi xidmətə yollanıb. 2015-ci ildən isə MAXE hərbi qulluqçu kimi xidmət etməyə başlayıb. 2015-2020-ci illərdə Azərbaycan Sülhməramlı Qüvvələrinin tərkibində Əfqanıstanda xidmət edib.
B.İsgəndərov Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı və Laçının azadlığı uğrunda savaşıb.
Bəhruz 29 oktyabr 2020-ci ildə Laçında şəhidlik zirvəsinə ucalıb. Növbəti gün isə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Şəhid Bəhruz İsgəndərov evli idi. Onun vətənə əmanət bir qız övladı qalıb.
Bəhruz Abbas oğlu İsgəndərov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, aşağıda göstərilən medallarla və ordenlə təltif edilib:
III dərəcəli "Vətənə xidmətə görə" ordeni;
"Vətən uğrunda" medalı;
"Cəbrayılın azad olunmasına görə" medalı;
"Qubadlının azad olunmasına görə" medalı;
"Laçının azad olunmasına görə" medalı.