Bu gün Gəncə futbolunun əfsanəsi, şəhərimizdə uşaq futbolunun inkişafında misli-bərabəri olmayan xidmətlər göstərmiş Konstantin Abramenkonun anım günüdür.
Gencexeber.az məlumat verir ki, futbol əfsanəsinin vəfatından 21 il ötür.
O 15 noyabr 1923-cü ildə Gəncədə anadan olub. O, uzun illər Gəncə dəmir yolu sistemində qaynaqçı kimi çalışıb. Futbola olan böyük sevgisi onu uşaqlarla işləməyə sövq edib. Yaşadığı ərazidə öz imkanları hesabına kiçik futbol meydançası yaradaraq burada uşaqlara futbolun sirlərini öyrədib.
Gəncədə daha çox "Kostya dayı" və ya "Dyadya Kostya" kimi tanınan Abramenko "Lokomotiv" cəmiyyətinin nəzdində fəaliyyət göstərən futbol komandasında məşqçilik edib.
Yetirmələrinin bir çoxu sonradan "Kəpəz", "Neftçi" və digər klublarda çıxış edərək Azərbaycan futbolunda tanınıb.
Konstantin Abramenko Azərbaycan futbolunun inkişafındakı xidmətlərinə görə Əməkdar bədən tərbiyəsi və idman işçisi fəxri adına layiq görülüb.
2005-ci ildə, 82 yaşında vəfat edən məşqçi Gəncənin Fəxri xiyabanında dəfn olunub.
Bu münasibətlə "Kəpəz" PFK-nin rəsmiləri, məşqçiləri və futbolçuları mərhumun məzarını bu gün ziyarət ediblər.