Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində aparılan təmir işlərinin yarımçıq qalması sürücülərin narazılığına səbəb olub.
Gencexeber.az-a şikayət ünvanlayan sürücülər bildirirlər ki, bir neçə gün əvvəl prospektin müəyyən hissələrində asfalt örtüyü qazılaraq təmir işlərinə başlanılsa da, bərpa işləri aparılmayıb.
Nəticədə prospektdə dərin çuxurlar yaranıb, avtomobillərin hərəkəti çətinləşib. Sürücülərin sözlərinə görə, yolda yaranmış vəziyyət tez-tez qəza şəraitinə səbəb olur və nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaradır.
Qeyd edək ki, Şah İsmayıl Xətai prospektindən yalnız şəhərdaxili hərəkət üçün deyil, Qazax, Tovuz, Şəmkir və Gədəbəy istiqamətlərinə gedən sürücülər də istifadə edirlər.
Məsələ ilə bağlı redaksiyamız tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb.