Azərbaycan Respublikasının Ali Soveti 18 oktyabr 1991-ci ildə keçirilən iclasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib.
Gencexeber.az məlumat verir ki, həmin sənədə əsasən, "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının 2-ci maddəsinə görə, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir. Həmçinin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 30 avqust 1991-ci il tarixli Bəyannaməsini rəhbər tutaraq Konstitusiya Aktını qəbul edib və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edib.
1992-ci ilin may ayında Milli Məclis Azərbaycan Respublikasının Dövlət Himnini, bir müddət sonra isə Dövlət Bayrağı və Dövlət Gerbini təsdiqləyib.
2021-ci ildən 18 oktyabr tarixi, yeni adla – "Müstəqilliyin Bərpası Günü" kimi qeyd olunur.