Gəncə sakinləri mütəmadi olaraq redaksiyamıza şəhər ərazisində olan sahibsiz itlərlə bağlı şikayət ünvanlayırlar.
Bu dəfə də Gencexeber.az-ın redaksiyasına eyni məsələ ilə bağlı iki şikayət daxil olub.
Belə ki, Gəncə sakini bildirir ki, evinin yerləşdiyi Vəli Xuluflu küçəsi sahibsiz itlərlə doludur. O iddia edir ki, vəziyyət o həddədir ki, küçədə piyada belə gəzmək mümkün deyil, gecə isə itlərin səsindən yatmaq olmur.
Sakin qeyd edir ki, küçədəki evlər bir-birindən çəpər vasitəsilə ayrılır, belə olan halda heyvanlar asanlıqla istənilən həyətə keçə bilirlər, bu isə orada yaşayanlar üçün təhlükə yaradır. Şikayətçinin yolladığı videoda da görünür ki, xeyli sayda sahibsiz it bir həyətə toplaşıb ucadan hürürlər.
Digər şikayət redaksiyamıza M.Füzuli adına 22 saylı tam orta məktəbin yerləşdiyi ərazidən daxil olub. Sakinin sözlərinə görə, adıçəkilən təhsil ocağına gedən yolda sahibsiz itlər səbəbindən hərəkət etmək mümkünsüz olur.
“Onlar həm böyüklər, həm də məktəblilər üçün ciddi təhlükə yaradır. Bütün sakinlər bu haldan şikayətçidir. İtlərin heç biri peyvənd olunmayıb, qulaqlarında birka yoxdur. Bu itlərdən biri kimisə dişləsə, səhhətində problem olacaq. Xahiş edirik ki, məsələ həll olunsun”, - deyə şikayətçi söyləyib.