"Gəncə” VK-nın prezidenti Elvar Osmanovun Azərbaycan Texnologiya və Azərbaycan Dövlət Aqrar universitetlərinin tələbə-gənclər təşkilatlarının (TGT) rəhbərləri ilə görüşü olub.
Gencexeber.az voleybol klubuna istinadən məlumat verir ki, görüşün məqsədi klubun nəzdində fan-klubun formalaşdırılmasından ibarət olub. Regionda idmanın voleybol növünün kütləviləşməsi istiqamətində tələbə-gənclər təşkilatları ilə birgə əməkdaşlığın əhəmiyyəti yüksək qiymətləndirilib. Müzakirələr nəticəsində TGT-lər arasında voleybol yarışlarının təşkil olunması, birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Azərbaycan Texnologiya Universitetinin TGT sədri Firdovsi Bağırov, sədr müavini Həsən Hüseynov və Azərbaycan Dövlət Aqrar Universitetinin TGT sədri Mirhəsən Həsənov birgə əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, “Gəncə” VK-ya azarkeş dəstəyi göstərmək baxımından lazımı kömək edəcəklərini bildiriblər. Sonda digər məsələlər barədə fikir mübadiləsi aparılıb, voleybol üzrə Azərbaycan Yüksək Liqasının və ölkə kubokunda “Gəncə” VK-nın oyunlarına azarkeşlərin cəlb olunması barədə müzakirələr edilib.