Bu gün Azərbaycanın uzun müddət Türkiyədə və İspaniyadakı ilk səfiri olmuş şəxsin ad günüdür.
Gencexeber.az məlumat verir ki, söhbət Türkiyə Respublikası tərəfindən dəfələrlə "İlin Diplomatı", "İlin Səfiri" fəxri adına layiq görülmüş Məmməd Novruz oğlu Əliyevdən gedir. O, 1942-ci ildə Tovuz şəhərində anadan olub.
Məmməd Əliyev 1971-1972-ci illərdə Parisdə məşhur Ecole Normale Superlorda (Lens) Nobel mükafatı laureatı, lazerin yaradıcılarından olan akademik Alfred Kastlerlə birlikdə işləyib. Buxarestdə, Parisdə, Qrenoblda, Strasburqda, Varşavada, Poznanda, Kazanda, Novosibirskidə elmi konfranslarda, konqreslərdə məruzələrlə çıxış edib. Onun ABŞ-da, Fransada, Almaniyada, Rusiyada, Rumıniyada, Polşada elmi məqalələri çap olunub.
1991-1992 -ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində kafedra müdiri vəzifəsində çalışıb. 1992-2005-ci illərdə Azərbaycan Respublikasının Türkiyədə, 2005-2009-cu illərdə isə İspaniya Krallığında səfiri olub.