“Kəpəz” futbol klubu cari çempionatda 7-ci dəfə uduzdu.
Gencexeber.az məlumat verir ki, Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində Gəncəni təmsil edən “Kəpəz” Tovuz şəhər stadionunda “Şamaxı” ilə qarşılaşıb.
Oyun sarı-göylərin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, “Kəpəz” cari mövsümdə keçirilən Premyer Liqa oyunlarının hamısında məğlub olub. Komanda turnir cədvəlinin sonuncu pilləsində yer alır.
Xatırladaq ki, “Kəpəz” PFK ev oyunlarını müvəqqəti olaraq Tovuz şəhər stadionunda keçirir. Buna səbəb Gəncə şəhər stadionunda yenidənqurma işlərinin başladılmasıdır.
Prezident İlham Əliyev cari ilin aprelin 9-da bu münasibətlə təməlqoyma mərasimində iştirak edib. Stadion 10 hektar ərazidə, UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun və 15 464 yerlik olacaq.